Azərbaycan nümayəndə heyəti Türkiyədə keçirilən beynəlxalq sərgidə iştirak edib

11.02.2020

Türkiyənin İzmir şəhərində 15-ci Beynəlxalq Kənd Təsərrüfatı və heyvandarlıq sərgisi keçirilib. Sərgidə Azərbaycan tərəfdən Dövlət Toxum Fondunun sədri Emin Əliyev, sədr müavini Elton Əbdurəhmanov, Satış və biznesin inkişafı şöbəsinin müdiri Mədinə Əliyeva iştirak edib.


Əkinçilik və heyvandarlıq sahəsinə həsr olunmuş sərgidə 70 ölkədən 854  şirkət öz məhsullarını nümayiş etdirib və sərgiyə 337 000-dən artıq iştirakçı qatılıb.

İştirakçılara toxumun fərqli dərinlikdə torpağa əkilmə qaydaları, dərmanlarda istifadə yolları, biçinin daha qısa zaman ərzində tamamlanması və digər aqrotexniki tədbirlər barədə məlumat verilib. Sərgini ziyarət edənlər Şərqi Avropa və Mərkəzi Asiyadan dəvət olunmuş mütəxəssislərin təcrübələri ilə tanış olmaq imkanı qazanıblar.

Sərgi çərçivəsində Dövlət Toxum Fondunun təmsilçiləri Türkiyənin tanınmış və lider toxum şirkəti olan “MAY Seed” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə əkin sənayesində mövcud innovasiyalar və texnologiyalar müzakirə edilib, məşhur şirkətlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.