Qobustan rayonunda respublika müşavirəsi keçirilib

19 Aprel 2019

 

Qobustan rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Ölkədə toxumçuluğun mövcud vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Qobustan Gənclər Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, həmçinin 15 rayondan toxumçuluqla məşğul olan 177 fermer, toxum emalı və satışı ilə məşğul olan sahibkarlar iştirak ediblər. Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranıb. Bununla yanaşı, İnam Kərimov qeyd edib ki, ölkədə toxumçuluq sektoru müasir tələblərə cavab verən yeni texnologiyaların tətbiqi əsasında inkişaf etdirilməlidir. Nazir keyfiyyətli toxumlara olan tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi üçün müvafiq tədbirlərin görüldüyünü müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Müşavirədə toxum ilə təminat, toxumçuluğun inkişaf istiqamətləri, subsidiyaların verilməsi istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Tədbirdə ölkədə toxumçuluğun inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.